Azərbaycan xanımlarına heyranam

loading...

Məşhur  türk modelyeri Açelya  Köse Azərbaycan və türk xanımlarının geyim tərzi haqqında  fikirlərilə bölüşdü. Ümidvarıq ki, Bakıda da fəaliyyət göstərməyi arzulayan bu xanımla yenə görüşəcəyik.

Aydan Xəndan

Açelya, oxucularımıza özün haqqında məlumat verə bilərsən?

Əslində, mən ixtisasca modelyer deyiləm. Uşaqlıqdan arzum aktrisa olmaq idi. Kino aləminə hər zaman hədsiz maraq göstərmişəm. Bir neçə dəfə özümü bu sahədə sınamışam, hətta ssenari də yazmışam. Ancaq sonra modayla məşğul olmağa başlamışam. Əvvəlcə özümə maraqlı geyimlər fikirləşib tikirdim, sonra isə öz işimi açmağa qərar verdim.

Modelyerliyə qarşı marağını ilk dəfə nə vaxt hiss etdin?

Hələ orta məktəbdə oxuyanda bir rəqs yarışmasında iştirak edəcəkdim. Ancaq əynimə geyəcəyim paltarı seçə bilmirdim. Bəyəndiklərim isə çox bahalı olduğundan ala bilməyəcəkdim.

O vaxt öz paltarımı özüm fikirləşib hazırlamışdım. 18 yaşındaykən isə ilk ciddi sifarişi qəbul etdim. Pop ulduzumuz Ajda Pekkanın vokalisti üçün bir neçə səhnə geyimi hazırladım. Təvazökarlıqdan kənar olsa da, paltarlar çox bəyənildi.

İş prosesində sənin ilham mənbəyin adətən nə olur?

Birmənalı şəkildə gözəl xanımlar. Gözəl xanım görən kimi ağlıma ilk gələn fikir bu xanıma yaraşan bir geyim layihəsi hazırlamaq olur. Daha yaxın tanış olduqdan sonra isə ideyalarımı hansı yöndə inkişaf etdirəcəyimə qərar verirəm.

Azərbaycan qızlarıyla türk qızlarının zahiri görünüşündə, geyimində nə kimi fərq gördün? Ümumiyyətlə, fərq varmı?

Türk qadınları son vaxtlar daha sadə geyinməyə üstünlük verirlər. Ancaq burada gördüklərimdən çox təəccübləndim. Azərbaycan xanımları özlərinin xarici görünüşünə olduqca maraq göstərirlər. Hansı salona getdimsə, orada bir çox xanım gördüm. Məncə, bu çox yaxşı haldır.

Azərbaycan xanımları çox gözəldirlər. Məndə belə təsəvvür yarandı ki, Azərbaycan xanımları özlərindən olduqca əmindirlər və gözəl olduqlarını da çox yaxşı bilirlər.

Açelya, səncə, ən çox edilən dəb xətası hansıdır?

Məncə, hər bir modelyer bilməlidir ki, nə qədər gözəl və qeyri-adi bir geyim əşyası hazırlasa da, bu geyim başqa-başqa qadınlarda fərqli görünəcək.

Hər bir qadının özünün individuallığını tapmaq və onu üzə çıxarmaq bacanğına sahib olan modelyerlər iş həyatlarında uğur əldə etməyə qadir olacaqlar. Ən böyük xəta isə hamını eyniləşdirməyə çalışmaqdır.

Ən çox hansı tərz geyimlər hazırlamağı sevirsən?

Müxtəlif geyim tərzlərini bəyənirəm. Son zamanlar qadınların çoxu gündəlik həyatlarında belə, şıq geyinməyə üstünlük verir. Mən də onların seçimlərinə diqqətlə yanaşır, bəyənəcəkləri üsluba üstünlük verirəm.

Kolleksiyanda hansı rənglər üstünlüktəşkil edir?

Mənim xəyal dünyam rənglidir. Rənglərin bir-birinə keçməsini çox sevirəm. Yəni müxtəlif rəngləri uyğunlaşdırmağa çalışıram. Məsələn, bəyaz gəlinliyə belə qırmızı rənglə daha maraqlı və qeyri-adi görünüş qazandıra bilərəm.

Səninlə bir yerdə işləyən insanlarda hansı xüsusiyyətlər olmalıdır?

Artıq əminliklə deyə bilərəm ki, mən öz ətrafımda professional bir komanda yığa bilmişəm. Mənimlə birlikdə işləyən insanlarda güclü fantaziya, sürətlilik və ən əsası, gördüyü işə sevgi hissi olmalıdır.

Uğur əldə etmək üçün nələri bilmək lazımdır?

Müvəffəqiyyət əldə etmək üçün hər birimiz gördüyümüz işi sevməliyik. Əgər məşğul olduğun iş ürəyincə deyilsə, elədiklərin sənə zövq vermirsə, bu işin daşını atsan yaxşıdır.

Sevdiyin işi gördükdə ona qarşı tamamilə başqa münasibət göstərməlisən. Sevdiyin insana qarşı olan hisslərin kimi. Sevdiyinin yanında olmasını istəyirsənsə, sevgini ona daim nümayiş etdirməlisən.

Açelya, işdən sonra nəylə məşğul olmağı xoşlayırsan?

Son zamanlar bütün vaxtımı işə sərf edirəm. Müxtəlif ideyalarımı gerçəkləşdirməyə çalışıram. Bu qış İstanbul Moda Həftəsində iştirak etməyi düşünürəm. Buna görə də iş cədvəlim doludur. Ancaq əlbəttə ki, vaxt tapanda ən yaxşı əyləncə dostlarımla olmaqdır.

İstanbul Moda Həftəsindən söhbət açdın. Bəs yaxın gələcəkdə başqa hansı iş planların var?

Uzun müddətdir ki, türk seriallarından bəzilərilə əməkdaşlıq edirəm. Ekranlarda gedən “Lalə Dövrü” serialının bir neçə qəhrəmanının geyimlərini hazırlayıram.

Məşhur türk parfümer mağazalar şəbəkəsinin reklam çəkilişlərində “Adını Fəriha Koydum” serialının ulduzu Ceyda Atəş mənim hazırladığım geyimlərdə çıxış etmişdir. Azərbaycanda da moda evi açmağı çox istərdim. Bununla bağlı da planlarım var və ümidvaram ki, istədiklərimi reallaşdıra biləcəyəm.

Şərh yaz