Əsl sevgi necə olmalıdır?

loading...

Sevgi mövzusu əsasən qadınlar üçün aktual bir mövzudur. Biz tez-tez ,o məni sevirmi? sualı ilə üz üzə qalırıq. Daim mükəmməl münasibətlər, sevgi haqqında düşünürük, xəyallara dalırıq və bu gözəl hissi yaşamağı arzulayırıq. Sosial şəbəkələrdə tez-tez sevgi, kişi və qadın, ideal münasibətlər haqqında bir çox məqalə və şəkillər ilə də rastlaşırıq və hardasa özümüzə uyğun olan yazıları bəyənirik. Dostlarla, yaxın insanlarla və ya iş yoldaşlarımızla danişdıqda sevgi mövzusu həmişə bizim söhbətlərimizdə müəyyən bir yer tutur. Bəli, bu hiss həqiqətən də həyatımızda mühüm rol oynayır.

Bəzi insanlar həyatında olan sevgidən razıdır, bəziləri isə əksinə. Müxtəlif münasibətlərdə sevgi öz fərqli formasını alır. Hər kəsin öz sevgisi var. Biz sizə sevgi nədir və necə olur sualına maraqlı fikirlərdən birini təqdim etmək istərdik. Amerikalı psixoloq Robert Sternberq növbəti sevgi düsturunu təklif edir. Onun fikirincə sevgi 3 əsas komponenti özündə birləşdirir: yaxınlıq, ehtiras və sədaqət.

  • Yaxınlıq – qarşındakı insana etibar etmək, hisslərini onunla bölüşmək deməkdir. Ünsiyyət zamanı xoşbəxtlik və istilik hissi, bir-biri ilə olan bağlılığın və yaxınlığın təzahürüdür. Bu, sevginin emosional komponentidir.
  • Ehtiras – təxmin etdiyiniz kimi fiziki yaxınlığı nəzərdə tutur. Bu, sevginin motivasiya yönümlü komponentidir.
  • Sədaqət – münasibətlərə daxil olaraq insanların öz üzərinə götürdükləri qarşılıqlı öhdəliklərdir. Bu, sevginin idrak komponentidir.

Hər kəsin istədiyi mükəmməl variant təbii ki, bu üç komponentdən ibarət olan sevgidir. Amma təəssüflər olsun ki, bu hər zaman belə olmur.

Möhkəm münasibətlər üçün yalnız iki komponent də kifayətdir. Bu məntiqə əsaslanaraq sevgini üç növə ayırmaq olar:

  • Romantik sevgi = ehtiras + yaxınlıq.
  • Qaçılmaz sevgi = sədaqət + ehtiras.
  • Dostluq = yaxınlıq + sədaqət.

Əslində uzunmüddətli münasibətlər sonradan bu formaya dəyişilir. Komponentlərdən yalnız biri uzun və möhkəm münasibətləri qurmaq üçün yetərli deyil.

Gördüyünüz kimi müxtəlif münasibətlər zamanı sevgi fərqli formalar alır. Əsas odur ki, münasibətlər etibarlı olsun və səmimiyyət üzərində qurulsun.

Şərh yaz