Kababın düzgün resepti

loading...

Bağda və ya sadəcə təbiətdə istirahət çox nadir hallarda kababsız keçinir. Bu yeməyin dadına baxmaq təmiz havada xüsusilə xoşdur. Lakin kababın həqiqətən də dadlı alınması üçün onu düzgün hazırlamaq lazımdır.

Keyfiyyətsiz ətdən yaxşı kabab hazırlamaq olmaz. Buna görə ət seçərkən onun təzə və dondurulmamış olduğuna diqqət edin. Kabab üçün ən yaxşı ət – mal və qoyun əti sayılır.

Kababın hazırlanması üçün sizə lazım olacaq:

  • 2 kq mal və ya qoyun əti;
  • 4–5 ədəd iri soğan;
  • 1 x.q. duz;
  • zövqə görə ədviyyat.

Basdırma

Əti yuyub qurumağa qoyun. Sonra onu şişə keçə biləcək boyda kiçik tikələrə doğrayın. Ətin qızarması və ya yanması tikələrin ölçüsündən asılıdır. Ən yaxşısı əti 5 santimetrlik kublarla doğramaqdır.

Dadlı ev kababının hazırlanması üçün ən vacib inqrediyent – soğandır. Təmizlənmiş və yaxşıca yuyulmuş soğanı doğrayıb ətin üstünə əlavə edin.

Sonra isə zövqünüzə görə ətin üzərinə istənilən ədviyyatlardan da əlavə edə bilərsiniz. Məsələn qara və ya qırmızı istiot, dəfnə yarpağı, rozmarin, reyhan və s. Bundan sonra qazançada alınmış kütləni yaxşıca qarışdırın ki, soğanın suyu və ədviyyatlar ətə hopmağa başlasın. Əti 8-10 saatlıq soyuducuda saxlayın.

Kababın bişirilməsi

Ət tikələrini şişə keçirin. Diqqət edin ki, tikələrin arasında təxminən 1 millimetrə qədər kiçik ara qalsın. Bundan sonra şişləri bir-birinə yaxın olaraq manqala düzün. Ət kömürə çox yaxın olmamalıdır, çünki əks halda o tez yanacaq. Kababı düzgün qızartmaq üçün, ət ilə kömürün arasında ən azı 10 santimetr ara olmalıdır. Ət hazır olana qədər onun çiy tərəfini daim çevirmək lazımdır. Lakin bunu çox etsəniz kabab quru alınacaq. Əgər kababı düzgün hazırlasanız, bu zaman bişirmə proseduru təxminən 40 dəqiqə vaxtınızı aparacaq.

Şərh yaz