Körpəm və mən

loading...

Oğlumun dünyaya necə gəldiyi haqda çoxdandır bir hekayə yazmaq istəyirdim. Düzü doğuş prosesi haqda hamiləlik uzunu oxumamağa çalışırdım. Düşünürdüm ki, bu mənim pozitiv yanaşma mane ola bilər. Axı çoxları bu prosesi elə real və tükürpədici təsvir edirlər ki, insanın ana olmağa olan həvəsi itir.

Nə isə sancılarım tutduğunda özümü itirmədən makiyaj etməyə başladım. Anam bunu görəndə güldü və “Can bala, hara getdiyini təsəvvür etsəydin” dedi və əşyalarımı toplamağa başladı. Xəstəxanaya gələndə səhər saat 10.00 idi.

Mənim ağrılarım dözüləsi idi, lakin həkimin cüzi müdaxiləsi və venama daxil edilən dərmandan sonra yer üzünün gəlmiş-keçmiş ən şiddətli ağrısını yaşamağa başladım. Ağrı bir tərəfə bu zaman xoş sözə, adi bir dəstəyə ehtiyacım vardı. Lakin həkim və tibb bacıları kobud şəkildə “Ay qız, ortalıqda əl-ayağa dolaşma, keç boş palataların birinə nə qədər istəyirsən qışqır” dedikdə özümü lap atılmış və kimsəsiz kimi hiss elədim.

Elə bu zaman doğuş haqqında kaş bir bilgi toplayardım deyə düşündüm. Axı heç kim mənə necə nəfəs almalı olduğumu belə izah etmirdi. Beləlikə saat 16.00 kimi cəhənnəm əzabı çəkdim. Məni doğuş masasına çıxaranda artıq nə güc verməyə nə də söz deməyə halım qalmamışdır. Hətta 1 dəfə ürəyim də getdi. Özümə gələndə gördüm ki üst-başım su içindədir.

Tibb bacıları 1 kasa suyu töküblər üstümə ayılmam üçün. Uşaq doğulmurdu. Problem boynuna dolanan cift idi. Həkim məni bu əzabdan tez qurtarmaq əvəzinə yanında duran praktikant qıza cifti göstərərək izah edirdi. Özümü toparlayıb həkimi kobudladıqdan sonra mənə yardım etdi və övladım dünyaya gəldi.

Balamı qucağıma alanda artıq hamını bağışladım: biganə tibb bacılarını da, kobud həkimi də. Ağlamaqdan gözümün makiyajı bir-birinə qarışmışdı. Bu an anamın dedikləri yadıma düşdü və için-için gülümsədim.

loading...
Şərh yaz