Məni gözəl saxlayan səmimi münasibətimdir

Müəllif:
meleyke-esedova-300x336

Səhnələrimizin sevilən aktrisası Məleykə Əsədovanın, həyata baxışı, ailəsi, sənət anlayışı haqqında anlatdıqları…

Məleykə xanım, sizin üçün qadın gözəlliyi nə deməkdir? Əslində qadını nə gözəlləşdirir?

Mənə hər kəs belə gözəl qalmağım haqqında sual verir. Mən özümə elə də diqqət etmirəm. Yəni, müxtəlif maskalardan istifdadə etmirəm. Mənim özümə ayıracağım vaxt çox azdır. Bir az vaxtım olan kimi vaxtımı övladımla keçirməyə sərf edirəm. Məni belə gözəl saxlayan bəlkə də insanlara qarşı olan səmimi münasibətimdir.

Mən heç vaxt insanlara mənfi münasibət bəsləməmişəm. Pis məhfumu mənim həyatimda yoxdur. Mənim beynimdə hər şey gözəlliklə bağlıdır. İnsanlar haqqında yaxşı düşüncələrim var. Bəlkə də məni gözəl saxlayan insanlara olan səmimi münasibətimdir. Bu məndə düşüncə sağlamlığı yaradır.

Geyim seçəndə təm-tərağa fikir verirsinizmi? Əslində “marka” sizin üçün nə əhəmiyyət kəsb edir.

Mənim üçün dəb, mənim əynimə yaraşandır. Əsas olan odur ki, geydiyim hər bir paltar məni daha da yaxşı göstərsin. Dəbdə olan markadırsa və mənə yaxşı yaraşırsa markaya üstünlük verirəm. Mənim üçün təmizlik birinci yerdə durur.
Əynimə, bədənimə yaraşan paltar marka olmasa da mənim xoşuma gəlir.

Hər bir qadının xəyalinda ideal bir qadın obrazı var. Sizin də xəyalınızda belə bir obraz varmı?

M ən müxtəlif xarakterli ideal qadın obrazları oynamışam: Gültəkin, Şirin, Selcan, Züleyxa, Kardelya, Kleopatra və s. Bu gün isə mən hal-hazırda Viktor Hüqonun “Maria Tudor” əsəri əsasında “Qadın Məhəbbəti” adlı tamaşada məşq edirəm. Burada mən Maria Tudoru canlandıracam. Maria Tudor on beş, on altıncı əsirdə İngiltərə kraliçası olub. Mənim oynadığım obrazlar o qədər gözəl və ideal obrazlardır ki, heç birini digərindən ayıra bilmirəm.

Onların hər birinin içində bir Məleykə var. Düzdür, arzuladığım obrazlar hələ də var və çoxdur. Ancaq arzuladığım ideal qadın obrazı hələlik bir sirr kimi qalsın.

Qadını qadınlıqdan uzaqlaşdıran nədir?

Əzab, həyatın şərtləri. Həyatın şərtləri dedikdə ən başda əzab-əziyyət durur. Qadınlar var ki, mən özüm də daxil, kişi kimi çalışıb çarpışırlar. Ailə, iş o qədər üst-üstə yüklənir ki şəxsi həyatımızı unuduruq. Mənə elə gəlir ki bu dəqiqə qadınlarımız kişilərimizdən daha çox çalışıb əziyyət çəkirlər.

Qadınların içki içməsinə, siqaret çəkməsinə necə baxırsınız?

Mən heç kimin fikrinə qarşı çıxmıram. Öz iradımı isə heç kimin ünvanına yönəltmirəm. Kim necə istəyirsə o cür də yaşayır. Biz kimik ki kimlərinsə işinə qarışaq. Kim necə istəyir elə də yaşasın. Mən öz evimdə heç vaxt siqaret çəkilməsinə icazə verməmişəm. Çünki siqaret, çəkəndən çox onun yanındaki siqaret çəkməyənə təsir edir. Bəlkə də siqaret olan yerdən uzaq olmaq cildimin bu qədər gözəl olmasına təsir edir. İllərdir mən hər səhər təbii meyvə suyu içirəm. Sağlamlığımı qorumağa fikir verirəm. Mən övladıma və cəmiyyətə lazımam.

“ Sağlam bədəndə sağlam ruh olar”. Bu deyim üçün nə düşünürsünüz?

Bu deyim çox düzgündür. Vallah bədən ağrıyandan sonra heç bir şey düşünmək olmur. Allah hər kəsə can sağlığı versin. Mən xəstə olanda sağlam olduğum kimi çıxış edə bilmirəm.

Sağlam olmaq üçün idmanla məşğul olmaq lazımdırmı?

Mütləq. Sağlam olmaq üçün idmanla məşğul olmaq lazımdır. Mən hər zaman idmanla məşğul oluram. İdmanı sevirəm. Sağlam olmaq üçün idman vacib şərtdir. Bunu hamı bilməlidir.

Formada qalmaq uçun xüsusi pəhriziniz varmı?

Qətiyyən pəhrizim yoxdur. Hətta mən gecələr də yemək yeyirəm. Bunu dəfələrlə efirdə də demişəm. Çox işləyirəm. Səhər çıxıram axşam evə gəlirəm. Mən ancaq gün ərzində ordan bura, buradan ora qaçıram. Mənə elə gəlir ki, ən çətin sənət aktyorluq sənətidir. Ancaq bu çətinliyin öhdəsindən sağlam olmaqla gəlmək mümkündür.

Məleykə ƏsədovaReallığa çevirmək istədiyin arzularınız, xəyallarınız varmı?

O qədər arzularım var ki. Ancaq hələlik içimdə sirr olaraq qalsın. Arzudan arzu doğur.

Sizcə tanınmaq uçun “bazar” proqramına çıxmaq lazımdırmı?

Reklam olmaq xatirinə bazar proqramına çıxan sənətkarlar tez unudulur. Sən tanınmaq uçun sənətinlə buna nail olmalısan. Sənin sənətin varsa, sənətkarsansa onsuz da insanların diqqət mərkəzindəsən. Bazar proqramları sən istəsən də, istəməsən də çəkəcəklər. Bu bir gerçəkdir. Sənət olmadan tez yaddan çıxacaqsan. Əsas sənətdir. Sənətin varsa onsuz da gəlib səni çəkəcəklər. Unudulmayacaqsan. Xalqımız həqiqi sənəti və sənətkarı çox sevir.

Sağlamlıqlarını qorumaları üçün gənclərə tövsiyyəniz?

Əvvəla həyatda sağlam olmaq çox vacibdir. Yəni düşüncə sağlamlığı, fiziki sağlamlıq çox vacib şərtlərdir. Mənə elə gəlir ki siqaretdən tamamən uzaq durmaq lazımdır. Ətraflarında dostlarını düzgün seçsinlər . Gənclərimizə mən bunları tövsiyyə edərdim. Çox təəssüf edirəm ki, elə gözəl ailələr var ki, onların övladları əsrin bəlası olan narkotikə yoluxub, həyatlarını zəhərə çeviriblər. Bu isə ailədən gəlməyib, onların düşdüyü mühit onları bu yola sürükləyib.

Valideyinlərə arzu edərdim ki, övladlarına qarşı diqqətli olsunlar, onları diqqətdən uzaq tutmasınlar, qidalanmalarına nəzarət etsinlər. Çox kökəlməkdən özlərini və övladlarını qorusunlar. Mən bunu hər bir kəsə arzulayıram.

Siz anasınız. Ana olmaq necə bir hissdir?

Analıq çox gözəl bir hissdir. Mən təsəvvürümə gətirəndə ki mənim anam 4 qız böyüdüb. Onun övlad sevgisinin nə qədər olduğunu hesablamaq çətindir. Mənim bir övladım var. O dünyaya gəldikdən sonra mənim həyata sevgim daha da artdı. Çünki mənim Gülər balam mənə yeni bir həyat bəxş etdi. Ona baxdıqca, onunla ünsiyyətdə olduqca gün ərzində olan yorğunluğumu unuduram. Həyatda ən çətin və məsuliyyətli iş ana olmaqdır. Doğru ana olmaq lazımdır. Hər bir kəs dünyaya saf gəlir. Bundan sonra isə övladı düzgün və cəmiyyət üçün xeyirli bir vətəndaş yetişdirmək valideyinin vəzifəsidir.

Mən bütün valideyinlərə, atalara, analara səbr və övladlarının üzərində var olmağı arzu edirəm. Ana olandan sonra mənim həyatım çox dəyişdi. Çox yerlərə gedə bilmirəm. Çünki qızıma daha çox vaxt ayırmaq istəyirəm. Qızım mənim həyata olan bağlılığımdır və hiss edirəm ki mən tək deyiləm.

Yemək bişirməklə aranız necədir?

Xeyir, bişirə bilmirəm. Mənim üçün çox çətin deyil. İstəsəm onu da öyrənə bilərəm. İnsanın bacarmayacağı heç nə yoxdur. Əsas odur ki, öyrənmək istəyəsən. Əslində çox gözəl ev işləri bacarıram. Evi yığışdıranların heç birinin işini bəyənmirəm. Yemək ona görə bişirmirəm ki, yemək iyinə qarşı allergiyam var. Yemək iyi gələndə mədə bulantısı olur. Yalnız öz evimdə deyil, hər hansı bir evə də getsəm, orada yemək iyi hiss etdiyim anda mədə bulanması başlayır. Orqanizmim yemək iyini götürmür. Ona görə də heç vaxt mətbəxə qarışmamışam. Bir şeyi etiraf edim ki yeməkləri çox sevirəm.

Dadlı yeməkləri daha çox sevirəm. Fikirləşirəm ki əgər mən kök olsaydım, heç zaman pəhriz saxlaya bilməzdim. Yalnız balıq buğlaması bişirirəm.

Oynadığınız rollar sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

Bəzi insanlar heç öz həyatlarını doğru düzgün başa düşmürlər. Bizim sənətimiz çox çətin sənətdir. Biz neçə-neçə insanın həyatını yaşayırıq. Mən bu dəqiqə Maria Tudoru oynayıram. Mən heç kimin bilmədiyi epizoodları; kralıçanın uşaqlıq həyatından başlayaraq yaşayış tərzini oxuyub öyrənirəm.

Oynadığım rol haqqında az məlumat bilsəm, o zaman mən tamaşaçıma heç bir şey çatdıra bilmərəm. Bütün aktyor və aktrisalara pərəstij edirəm. Onlar çox güclü və mübarizdirlər.