Onun yox, sənin arzuladığın avtomobili almaq üçün qaydalar

loading...

Maşın sürməyi, təxminən, mənim makiyaj elədiyim kimi bacaran bir tanış qız, model sırasının bütün texniki göstəricilərini son dərəcə diqqətlə nəzərdən keçirərək, özünə avtomobil seçir. Və “Mak-ferson tipli tirləri və köndələn dayaqlı stabilizatoru olan çoxlingli ikişarnirli qabaq asmalar” onun üçün heç də mənasız sözlər deyil.

 Satqın pis insanlar

Amma mən əminəm ki, tanışıma bənzəyən qızların sayı bu dünyada o qədər də çox deyil, şəxsi avtomobilin olmasını isə hamı arzulayır. Bəlkə bir tək Bişop Rok adasının sakinlərindən başqa, axı onların adasına mayakdan başqa heç nə yerləşmir. Maşın almağı hamı arzulayır, amma onu necə seçəsən?

Avtosalon işçilərinin sözlərinə inanmalı olursan, onların isə əsas amalı sənə arzuladığın avtomobili tapmağa kömək etmək deyil, özlərinin illik bonuslarındakı bir rəqəmindən sonra gələn sıfırların sayını o həddə çatdırmaqdır ki, yeni il qabağı avtosalondan şəxsi sedanlarında çıxsınlar.

 Nə etməli olduğunu soruşursan?

Bəlkə həyat yoldaşının və ya sevgilinin məsləhətlərinə qulaq asasan? Axı sən başa düşürsən ki, onlar sənin gələcək maşımla bağlı öz şəxsi maraqlarını güdürlər. O, çox güman ki, sənin maşınına gülməli bir ləqəb verəcək və maşını elə sürəcək ki, təkərlər alovlanacaq, beləcə də dostlarının yanında lovğalanmağa əsası olacaq. Buna görə də sənin mənə, yəni heç bir şəxsi maraq güdməyən və eyni zamanda dürüst insana etibar etməkdən başqa bir yolun qalmır.

Qırmızıda sürürük!

Razılaşıram ki, istənilən avtomobil üçün onun əsas əlaməti rəngidir. Ancaq hər bir insanın özünün sevdiyi rəngi var. Buna görə bu məsələnin həllini sənə etibar edirəm. Mənim üçün də sirr olaraq qalır ki, niyə ağ rəngli maşınlar yaşıl və bənövşəyi maşınlardan daha ucuz olur, axı ağ boya heç də başqa rənglərdən ucuz deyil. Mən də başa düşmürəm ki, avtomobil istehsalçıları çalarlara niyə bu qədər az diqqət ayırır. Görünür, ona görə ki, onların hamısı kişidir və bunların hər ikisindən biri müxtəlif ağırlıq dərəcəsi olan daltonizmdən əziyyət çəkir.

Amma sən rəng seçəndən və salona artıq konkret məqsədlə gələndən və hətta saytda qiyməti öyrənəndən sonra da yeni bir problemlə üzləşirsən. Demə, eyni maşını həm 25, həm də 35 minə almaq olar. Bunlar zahirən bir-birindən heç nə ilə fərqlənmirlər.

Məsələ bu maşınların içindədir. Misal üçün, mənim anam paytaxt salatına yumurta, kartof və kolbasa qatır. Parisdəki Alan Dükanın restoranının aşpazı isə eyni salata qara kürü, xərçəng boynu və iki qarabağırın ətini əlavə edir. Anamın salatını bəyənmədiyimi demirəm, amma xərçəng boynu daha dadlıdır. Bu, maşınlara da aiddir.

Yastıq sədəqəsi

Ən əsasından başlayaq. Mənə görə, avtomobildə üç şey mütləq lazımdır: ksenon (biksenon daha yaxşı olar) faralar, klimat-kontrol və oturacaqların qızdırılması. İşıq, aydındır ki, yaxşı görmək üçün lazımdır. Ağıllı kondisioner yayı tərləməmək, qışda isə donmamaq üçündür. Elə yanlarını da qorusan, pis olmaz. Təsəvvür elə ki, soyuq havada səni altdan qızdıra bilən oturacaqların var. Bundan gözəl nə ola bilər?! Buna görə də xain satıcının sözlərinə qulaq asmayıb, müasir maşınqayırmanın bu üç əsas amilinin olmasına təkid et.

Sürüşkən yolda maşını rahat saxlamaq üçün sənə antiblok sistemi lazım olacaq. Bütün yeni az-çox yaxşı avtomobillər onunla təchiz olunur, amma əgər bir qədər işlənmiş və ya çox ucuz maşın əldə etmək fikrinə düşsən, mütləq bu sistemin olmasına fikir ver: ola bilsin ki, nə vaxtsa məhz o sənin həyatını xilas edəcək. Avtomobil seçərkən kresloların hansı rəngdə olub və hansı materialdan hazırladığına da mütləq diqqət yetir. Çalış, açıqrəngli parçalı oturacaqları olanının yerinə, tündrəngli olanını seç. Qoy, maşının arxa oturacaqlarında oturan bacın uşaqlarından xatirə olaraq salona dağıtdıqları meyvə şirələrinin izləri deyil, şüşədə çəkdikləri gülməli şəkillər qalsın.

Avtomobil kurs sabitliyinin elektron sistemi (ESP) ilə təchiz olunubsa, lap yaxşı olar: o, sənə, sözün həqiqi mənasında, sükan əlində saxlamağa kömək edəcək və maşının dönmə zamanı küvetə uçmasına imkan verməyəcək. Nəhayət, hər dörd təkər üzərindəki disk əyləcləri avtomobilin fəal təhlükəsizlik siyahısını tamamlayırlar.

Bunun passivi də var. İlk növbədə, bu, təhlükəsizlik yastıqlarıdır, onların sayı nə qədər çox olsa, o qədər yaxşıdır (baza komplektasiyasında, adətən, biri göstərilir). Sürücü, sərnişin üçün, bundan başqa yan yastıqların olması da vacibdir. Arxada əyləşən sərnişinlər də qorunmuş olsalar, daha yaxşı olar. İdealda ayaq üçün yastıqlar da olmalıdır. Təhlükəsizlik kəmərləri isə bütün avtomobillərdə var əsası oldur ki, onlardan istifadə etməyi unutmayasan.

Səsini artır

Ştat siqnalizasiyası maşını oğrulardan çətin qoruya, amma avtomobildə breloka taxılan uzaqdan idarəetmə sistemi ilə yanaşı, əyilmə datçiki də olsa, sən özünü çatdırıb, maşını insafsız evakuatorların əlindən ala bilərsən.

Arxaparktronikin olması mühiim opsiyadır. Hasara dəyməyə, təxminən, bir metr məsafə qalanda ciyildəməyə başlayır. Bu, xüsusilə, sükan arxasına yeni keçənlərin dadına çatır. Düzdür, bəzən ciyilti səsi əsəbləri əməlli-başlı yerindən oynadır. Ancaq razılaş ki, təzəcə aldığın maşınını sadəcə təcrübəsizliyin ucbatından qonşunun maşınına dəyməsindənsə, bu ciyilti səsinə dözməyə dəyər.

Dilerin təklif edəcəyi siyahıda qalan 250 “xüsusilə vacib” şeylər sənə çətin nə vaxtsa lazım olsun. Musiqi sisteminin isə elə əvvəldən keyfiyyyətlisini seçsən yaxşıdır, sonra dəyişmək üçün heç cür vaxt tapa bilməyəcəksən.

Bütün yuxarıda sadaladıqlarımızı nəzərə almaqla, doğrudan da, səni yolda qoymayacaq avtomobilə sahib olacaqsan. Ancaq bir şeyi də unutmasan yaxşı olar – yenicə sükan arxasına oturmağa çalışırsansa, həcm etibarilə kiçik maşınlara üstünlük ver. Məhz belə maşına şəhərimizin dayanacaq sarıdan kasad küçələrində möcüzəvi şəkildə yer tapa biləcəksən.

Başını İtirmə

Bahalı və demək olar ki, lazımsız opsiyalar: 

  • Damda Lük: sayəsində tez-tez zökəm olacaqsan, həm də saç düzümün pozulacaq.
  • Bahalı Naviqasiya Sistemi: birincisi, onun əvəzinə daha ucuz olan naviqator əldə edə bilərsən, ikincisi də, çox vaxt onların xəritələri köhnəlmiş olur.
  • Sürücü oturacağının elektrik tənzimləyicisi: sən həyatında bir dəfə ondan istifadə edəcəksən, amma mebel qarnituruna xərcləyə biləcəyin qədər pul ödəyəcəksən, qarnitur isə daha tez-tez istifadə edilir.
  • Şüşə Dam: ona bircə dənə kiçik daş dəysə, dəyişdirmək üçün evini satmalı olacaqsan.
  • Telefon üçün Bluetooth-Paket: sükan arxasında tez-tez telefonla danışırsansa, qarniturdan istifadə etsən, daha yaxşı olar, qənaət etdiyin pulla isə bir-iki həftəlik Tailanda istirahətə yola düşə bilərsən.
  • Farkop: əgər sən tez-tez bağ evinə taxta daşımırsansa və avtomobilə qoşulan arabada it damı gəzdirmirsənsə, bu detal sənə lazım olmayacaq.
  • Cd-Çeyncer: indi bayırda artıq XXI əsrdir, pulunu onun yerinə populyar olan smartfona xərcləsən, daha yerinə düşər.
loading...
Şərh yaz