Qadınlar, hədiyyələr və… Google

loading...

“Sizə məsləhətim: küsmək və incimək üçün bəhanələr yerinə, sevmək və sevilmək üçün çarələr arayın”

8 Martda heç kimdən hədiyyə almasaydın, nə hisslər keçirərdin?

Vallah, hissləri izah etmək bir az mürəkkəb olacaq. Amma bu vaqeə məni qadınlığımı bir daha gözdən keçirməyə vadar edərdi: “Məgər, bu həyatda məni qadın sayan bir məxluq yoxdur?”.

Bu həyatda səni qadın sayan məxluqun olmamasının sənin qadınlıq şkalana hansı dərəcədə təsir etməsi barədə nə deyə bilərsən?

Necə?

Heç… Soruşuram, kreditlə ətir harada satılır?
Dərhal sonra google-da yenicə ağlıma gələn kəlməni axtarışa verdim: “Femmometr”… İngiliscə tapdım: “Femmometer”. Sən demə, müasir ingilis gəncləri artıq bu sözdən istifadə edirmişlər, müəllif haqları mənə aid olma-yacaqdı. İngiliscədən tərifi isə belə imiş: “Temperaturu olduğundan izaholunmaz dərəcədə daha soyuq hiss edən qadına aid bədən hissəsi”. Kişi ekvivalenti yoxdur. Hətta misal da çəkilmişdi:

Mənə soyuqdur, pencəyini geyə bilərəm?

Xeyr, sənin “femmometr”in belə göstərir. Əslində, sənə soyuq deyil.
Yox, həqiqətən, mənə soyuqdur.

Sənə necə soyuq ola bilər? Yayın ortasıdır (davamını özün də tapıb oxuya bilərsən, amma məsləhət deyil, ardı olduqca “müasir ingilissayağı” yazılıb çünki)…

İngilislərin femmometri mənim fikirləşdiyim təsəvvürlə tam üst-üstə düşməsə də, mahiyyətcə, oxşardır. Prinsipcə, ikisi də qa-dına məxsusdur…

Məhz 8 Mart isə bu qadına məxsus bir çox günün miksidir və günümüzün remiksi belədir

-Qadınlar Günü (Dj Sevgililər Günü Remix feat. Analar Günü). Yəni vəziyyət çox ciddidir. İmkan ver, heç olmasa, bir maaş müddəti keçsin də! Ona baxan yoxdur, arada 23 fevralı (Sovet Ordusunun Yaranma Günü) yada salan da olmadı ki, “O, sovet bayramı idi, bizi qıran ordunun yaranma gününü bayram edəcəyik? Artıq müstəqillik qazanmışıq, Sovet Ordusundan bizə nə?!”. Guya 26 iyun-da (Silahlı Qüvvələr Günü) qeyd ediləcək. 1998-ci ildən bəri bu qərar qəbul olunandan bir Allahın qadın bəndəsi, heç təbrik zərfi belə göndərməyib.

Əslində, bu ifadə bir az klassik, hətta mən deyərdim ki, köhnəlmiş oldu; bir təbrik ismarışı belə göndərməyib (bu minvalla mən də kişiliyi bir daha gözdən keçirəsi olmayım)…

Hələ bu günün şərəfinə remiksin geniş versiyaları da yayılıb və auditoriyadan auditoriyaya dəyişir. Məsələn, Extended Qadın Kolleqalar Club Version. Keçən dəfə vəd etmişdim ki, gələn yazılarda söz açacağam, elə isə mənə aid versiyanı deyirəm: Qadınlar Günü (Dj Sevgililər Günü feat. Analar Günü & Qadın Kolleqalar Ad Günü Progressive Trance Remix). Bəli, bəli. Ad günü 8 martdadır… Artıq bu remiksin transının dərinliyini özün götür-qoy et. Yan təsiri baş gicəlləndirərək, bir neçə ay davam edən translardandır bu…

Başıma gəlməyib, amma deyirlər, toy qabağı toya dəvət ediləcəklərin siyahısı tutulur, dost-tanış və qohum-əqrəbayla birlikdə. Məncə, qohum-əqrəba və dosttanışsız olsa da, o siyahı bu siyahının yanında elə toya-bayrama getməlidir. Amma ortaq nöqtə ondan ibarətdir ki, ikisində də yaddan çıxıb siyahıya əlavə edilməyənlərin sənə münasibətdə məyusluğu ehtimalı qaçılmazdır. Bu siyahını tərtib etdikdən sonra – şüuraltımda, gələcəkdə ən azından kütlənin bir yarısının məyus olmasının qarşısını bəri başdan almaqdan ötrü olsa gərək-ovcumda bərk-bərk sıxdım. Kağızın az qala suyu çıxacaqdı. Bu kağız hələ çox qalacağa oxşayır, suyu nə qədər çox çıxsa, ömrü bir o qədər uzun olar. Ənciri boş-boşuna qurutmurlar ki… Bir də artıq rəfiqəmlə müzakirədən sonra, bu günün qadın həyatındakı əhəmiyyətini dərk etmiş şüurlu bir fərd olaraq hərəkət edirdim. Axı mən ən azından, bu gündə onlara qadın olduqlarını bir daha xatırladacaqdım: “Sən qadınsan, zərif varlıqsan, həmişə belə qadınlığından əmin ol və heç vaxt diqqətlərdən uzaq qalma!” mesajı verəcəyimi artıq anlayırdım. Siz bizim üçün çox dəyərlisiniz, sizə bu deyilsə də, deyilməsə də, bu və ya başqa gündə sizə hədiyyə bağışlansa da, bağışlanmasa da. Əsası isə odur ki, siz öz qadınlığınızı daxili aləminizdən fərqli yerdə axtarmayasınız.

Siz axı bizim başımızın tacı və müvəffəqiyyətlərimizin açarısınız! Sizsiz bir günümüz olmasın! Bütün nənələrimizin, ana-bacılarımızın, xala-bibilərimizin, sevib-sevilən qadınlarımızın, qadın kolleqalarımızın, rəfiqələrimizin timsalında, Azərbaycan Qadınını Qadınlar Günü münasibətilətəbrikedirəm! Qoy, Tomris mərdliyi, Məhsəti məlahəti, Həcər şücaəti və Natəvan mədəniyyəti həmişə səninlə olsun! 8 Martda gözlədiyin diqqətin, elə ilboyu üzərindən əskik olmamasını diləyirəm. Sənin üçün bu özəl sayılan gündə, yüz bahalı hədiyyədənsə, səmimiyyətlə və ürəkdən yazılmış bir zərf (müasir dildə: ismarış) arzulasam necə? “Bax, bura qədər yaxşı gəlmişdin” demədin ki, öz-özlüyündə? “Elə olmaz ki ikisi də olsun?” – deyə soruşa bilərsən. Amma əslində, vurğulamaq istədiyim yüz bahalı hədiyyənin qiymətinin cazibəsindənsə, bir səmimi yazının istiliyidir…

Tıxacda satın alınan güllərin hissinin gətirdiyi quruluqla, çəməndən dərilmiş dəstə güllərin təravətinin bəxş etdiyi səadət arasındakı fərqə də yaxındır demək istədiyim (keçən yazını oxuyanlar anlayacaq). Yeri gəlmişkən, gül də əvəzolunmaz səmimiyyət rəmzidir, xüsusilə 8 Martda: “Diqqət, gül və hədiyyə”. Bu üç bəxşiş ünsürü 8 Mart ahəngini tamamlamaqda və bir qadının “qadın kimi hiss etməsini” təmin etməkdədir…

…Bir anda ovcumun içində bir istilik hiss etdim. Ovcumu açıb “suyu sıxılmış siyahı qurusunu” bir müddət gözdən keçirdikdən sonra, çox düşünmədən cibimdəki telefonu əlimə alıb, siyahıdakı ilk ada nəzər saldım və uca amal uğrunda ismarış mətninin inşasına başladım… Günortadan sonra Abşeron yarımadasının çəmənlikləri məni gözləyirdi… Günortadan əvvəl isə “Kreditlə ən çox neçə ətir almaq olar + qısa nömrə? – Google-da axtar” əməliyyatı ilə məşğul olacaqdım. Nəyin bahasına olursa olsun, “günün ahəngi”ni pozmamaq qərarına gəldim. Lənətə gələsən! Lap yaddan çıxmışdı, axı bu gün həm də “Ad Günü”dür…

Dünyanın da elə zaman kimi yuvarlaq, ya da dəyirmi olduğunu insan belə günlər də tam mənasıyla dərk edir: “Əvvəli, ya da axırı yoxdur, həmişə davam edir”.

Bir arifin söylədiyi bu sözləri artıq anlamışdım:
“Sənin üçün hədiyyə-əskik olan, ya da işə yarayan əşya demək deyil, qarşılıqsız olan və sənin üçün nə qədər xərclədiyimi göstərən bir vasitədir”.

Cənab Nasir

loading...
SHARE
Şərh yaz