Sənətimi Sevmirəm! Mənə Kömək Edin!

loading...

Təhsilin və hansısa sənətə yiyələnməyin üçün çox zəhmət çəkib, illərlə oxumusan, amma təcrübədən sonra işini və yiyələndiyin peşəni heç sevmədiyini başa düşürsən. Sırf maaş almaq, pul qazanmaq xatirinə işləməyə davam etməli, yoxsa yüzlərlə insan kimi yeni iş imkanları sorağına çıxmalı olduğunu bilmirsən? Əgər ikinci varianta meyillisənsə, onda çətinliklərə və sürprizlərə hazır ol. Əsas şərt isə düz yolda olduğuna inanmağındır.

Eda Başar

Ilk öncə, stimul xatirinə deyək ki, maaş almaq, pul qazanmaq və hər gün səhər oyanıb işə getmək “məcburi” olduğundan dünya əhalisinin barmaqla sayıla biləcək hissəsi gördüyü işi sevir. Üstəlik, günümüzdə təhsil almanın çətinlikləri, cəmiyyətin təzyiqi, ana-ata məsləhəti, iqtisadi çətinlikləri də nəzərə alsacj, adama elə gəlir ki, “arzulanan peşəyə yiyələnib, sevimli işlə məşğul olmaq” yalnız “seçilmiş” insanlara nəsib olan xoşbəxtlikdir. İşin maraqlı tərəfi ondadır ki, işini sevsən belə, hər gün eyni yeməyi yeməkdən bezdiyin kimi, bir gün ondan da bezə bilərsən. Insan əzəldən belə

yaranıb. Əgər sən yenilik və dəyişiklik tərəfdarısansa, onda gündəlik eyni işlərin həllinə çalışmaq səni o dərəcədə yora bilər ki, ruhunun belə bezdiyini hiss edəcəksən. Hə, necədir? Bir az rahatladırmı? Əgər oxuduqlarından sonra “Eh, nə edək? Əgər heç kim işini sevmirsə, mən niyə şikayətlənim ki?” deyirsənsə, tələsmə. Bütün bunlar o demək deyil ki, mübarizəni dayandırıb, “ağ bayraq” qaldırmaq lazımdır. Əgər sən sənətini sevmirsənsə, bu hiss sənin yaxanı buraxmayacaq.

Ölümə gedən birisinin son ümidi kimi səni izləyə bilər. Odur ki, əleyhinə olan heç nədən çəkinmədən, mübariz ruhunla bütün mənfiləri müsbətə çevirə bilərsən. Deyəcəksən ki, niyə? Əgər insan əvvəl-axır onsuz da eyni işi görməkdən yorulursa, niyə məcburən işinə aşiq olmalıdır? Çünki araşdırmalar sübut edib ki, işini sevən insanlar daha xoşbəxt həyat tərzi sürür, daha sağlam münasibətlərə sahib olurlar. Ona görə də, əgər işdə evdən daha çox vaxt keçirirsənsə, deməli, sən işini özün və şəxsi münasibətlərin qədər sevirsən. Məhz bu səbəbdən də taleyinlə barışmaq əvəzinə, qollarını çırmalayıb işə başlasan, daha yaxşıdır.

Bunun üçün qarşıda duran mümkün üç yoldan birini seçmək məcburiyyətində olacaqsan: birincisi, tamamilə başqa bir istiqamətdə iş tapmaq, ikincisi, gördüyün işi öz xeyrinə dəyişdirmək, sənə maraqlı olan hissəsi ilə məşğul olmaq, üçüncüsü isə xəyallarının ardınca getmək…

Birincisi, macəra axtaranların, ikincisi, həyatda dəyişildik etməkdən çəkinənlərin, üçüncüsü isə xəyalpərəstlərin seçimi kimi dəyərləndirilə bilər. Hansının daha rahat və uğurlu olduğunu demək çətindir, əsas odur ki, seçdiyin yolda çəkəcəyin əziyyət də sənə xoş olsun. Bunun üçün ilk öncə özünü tanıman lazımdır. Düşünmə ki, bu, işin ən rahat hissəsidir. Bəzən biz həyat hadisələrinin və gündəlik işlərin içində o qədər batıb qalırıq ki, əsl kimliyimiz, maraqlarınız, ümidlərimiz, inanclarımız, hətta həyat hədəflərimizi də unuduruq.

Özümüzü Tanıyaq

Əlinə vərəq və qələm alıb sakit bir otaqda tək qal. Hamıdan fərqli və səni məhz “sən” edən keyfiyyətləri vərəqə ardıcıllıqla yaz.

Üç yoldan birini seçməlisən: birincisi, tamamilə başqa bir istiqamətdə iş tapmaq, ikincisi, gördüyün işi öz xeyrinə dəyişdirmək, xəyallarının ardınca getmək…

“Yaradıcı insanam, tənbələm, küsəyənəm, inadkaram…” və s. Lakin bu keyfiyyətləri sadalayarkən, doğrucul olmağa çalış, nə şişirt, nə də azalt. Təvazökarlığa ehtiyac yoxdur, çünki bunu səndən başqa oxuyan olmayacaq. Əgər ətrafdakılar, məsələn, anan və ya sevgilin sənin qərarsız birisi olduğunu söyləyirsə, bu, sənin, həqiqətən də, belə insan olduğun demək deyil. Ola bilər ki, bəzi məqamlarda qərarsız davranmısan, onlar da bunu hiss ediblər.

Sən isə öz-özlüyündə düşünürsən ki, əslində, çox qərarlı və özünə qarşı tələbkarsan. Bu, o deməkdir ki, sən, doğrudan da, bu keyfiyyətlərə sahibsən. Onu da bilməliyik ki, biz hər zaman situasiya və qarşımızdakı insandan asılı olaraq davranmağa çalışırıq. Bir insanla münasibət qurmaq istəyəndə söhbətcil, onunla danışmaq istəməyəndə isə susqun təbiətli görünə bilərik.

Deməli, artıq sahib olduğun keyfiyyətləri sıraladın. İndi isə onların arasından arzuladığın karyera üçün lazım olanlarını seçirik. Məsələn, masa arxasında saatlarla otura bilmək, insanlarla tez əlaqə qurmaq, kitab oxumağa doya bilməmək, öz üzərində işləməkdən yorulmamaq və s. bu kimi digər keyfiyyətlər… Əlbəttə, hər birimiz sənətimizə daha yaxşı yiyələnmək üçün bütün lazımi keyfiyyətləri özümüzdə cəmləyə bilmirik, amma işə faydalı minimum keyfiyyətlərin cəmi minimum uğuru təmin edir.

Görəcəyinə doğru getmə, gördüyünə doğru get

Qərar verməzdən öncə, ikinci diqqət etməli olduğumuz amil hər şeyin qıraqdan göründüyü kimi mükəmməl olmadığını anlamaqdır. Sən əminsən ki, bu, xəyallarının sənətidir, hər zaman belə bir işdə çalışmağı arzu etmisən, amma yenə də ehtiyatı əldən vermə. Bu işlə illərlə məşğul olan insanlarla əlaqə yarat.

Onlardan səmimi olub işlərində ən çox hansı keyfiyyətləri sevmədiklərini, hətta nifrət etdiklərini soruş. Bütün pis xüsusiyyətləri eşitdikdən sonra, onlara arxanı çevirib, haqq qazandırmağa çalışacaqsan. “Əlbəttə, deyəcəksən ki, sevdiyin işin də öz mənfi cəhətləri ola bilər”.

STOP!

Bu yerdə fasilə verib, özünü xəyallarındakı işdə təsəvvür et. Çətinliklər haqqında düşün. Onları xəyalən icra et. Əsəbiləşmədiyinə əmin ol. Xəyalındakı işlə çox bəyəndiyin donu alıb üç-dörd dəfə geyindikdən sonra gözündən düşməsi arasında oxşarlıq hiss etmirsən ki? Axı, bu, nəyisə alıb satmaq deyil. Öz ətrafımızı, işimizi, həyat tərzimizi dəyişməyə çalışırıq. Bu isə pulla alınıb-satıla bilməz.

Xərclərini minimuma endir, pul yığmaq lazım ola bilər. Və ən əsası: qabaqcadan təlaşa düşüb yaşını, təcrübəni və mütəxəssis səviyyəsinə çatma müddətini hesablama. Bunlar zaman tələb edən işlərdir.

SEÇİM İMKANI

Tərəddüd Edənlər Üçün: Başqa hansı sənəti seçə bilərəm?

Bəli, xəyalında yaratdığın “ideal sənət” obrazını tamamilə analiz edib, acı həqiqətlər və sevgin arasında uçurum olmadığını müəyyən etdikdən sonra ən əsas məsələyə yaxınlaşdıq. Demək, tam əminliklə deyirsən ki, sənətini və ya gördüyün işi sevmirsən. Özünü yoxlamaq üçün yenidən tərtib etdiyin siyahıya qayıdırıq. İşlə bağlı nəyi sevmirsən? Yorğun iş saatları, iş yoldaşlarını, aldığın maaşı, yoxsa səndən yüksək vəzifədə olan adam-dan əmr almağı?

Əgər siyahında bu çatışmazlıqlar varsa, deməliyik ki, bunlar sənin sevmədiyin işlə bağlı deyil. Bunlar, istənilən digər bir işdə də qarşına çıxa biləcək problemlərdir. Hal-hazırda gördüyün işdən can qurtarıb, yenisinə başlasan, yenə eyni dərdlərlə əlbəyaxa ola bilərsən. Bəs ixtisasını sevməməyin üçün xüsüsi səbəb nə ola bilər? Əgər bu suala tam cavab verə bilirsənsə, onda yeni iş yeri axtarmaq olar. Tam qərar verməmiş işdən çıxma, işləməyə davam et.

Yoxsa, hər iki işdən məhrum ola bilərsən. Fikirləş gör, səni maraqlandıran sənət hansıdır? Onlarla əlaqəli nələr bilirsən? Xarakterinə, təbiətinə nə dərəcədə uyğundur? Aldığın təhsil onu öyrənməyə və ya o sahədə işləməyə imkan verirmi? Və yeni işi öyrənmək üçün ikinci təhsilə imkanın varmı?

Əgər bütün bu su-allara cavabın “Hə”dirsə, onda arzuladığın sənətə doğru addımlar atmağın əsl vaxtıdır. Sonra isə yeni problemlər ortaya çıxacaq. Məsələn, vaxt çatışmazlığı. Nəzərə al ki, sən bu sənətə yiyələnmək üçün çalışmağa hazır idin. İndi isə adi vaxt problemi sənə əngəl olmamalıdır.

Dəyişiklik etməkdən çəkinənlər üçün:

Sənətimi necə inkişaf etdirib gördüyüm ışdən zövq ata bilərəm?

“Yox, yox və yenə də yox! Artıq öyrəşdiyim həyat tərzini dəyişmək mənə görə deyil. Eybi yox, qoy mən işimə bir könüldən min könülə aşiq deyiləm, amma ən azından, nizamlı həyatım və stabil gəlirim var. Zorla gözəllik olmaz” deyirsənsə, dəyişməyin mənası yoxdur. Amma əmin ol ki, bütün bunlar qorxunun nəticəsi deyil. Ola bilər ki, yeni həyata atılmaq üçün tənbəllik edirsən və rahatlığın sənin üçün hər şeydən vacibdir. Amma əgər divanda rahat otura bilmək xatirinə arzularından imtina edirsənsə, sonra peşman olmayacağına əmin ol. Illər keçdikcə işləmək daha da çətinləşir və peşmanlıq qapını döyəndə artıq çox gec olacaq. Yenə də “Yox” deyirsənsə, sənə yardım etmək üçün bir neçə məsləhətimiz var: işində yaradıcı ol.

Nə etdiyindən asılı olmayaraq, ona nağıl qəhrəmanlarının fantaziya və sehri ilə yanaş. Yenilik etməkdən qorxma. Əgər işinə heç cür yaradıcı yanaşa bilmirsənsə, o zaman bunu özünə dərd etmək lazım deyil. Özünə yaradıcı yanaş. Tez-tez dostlarınla,  maraqlı insanlarla görüş, həftəsonu təbiət qoynunda gəz, iş yerində səni sevməyən insanlara yaxşı münasibət göstərməyə çalış. Bəlkə də, onlar sənin düşündüyün qədər paxıl və qəddar deyillər.

Əgər həyatını dəyişdirməyə tam hazırsansa, onda hər cür fasada hazır ol heç nə alınasa, “ən azından, bəxtimi sınadım” deyə bilmək üçün əsas suallara cavab axtar.

Xəyalpərəstlər üçün:

Dünyanı dəyışdirmək mümkündürmü?

Əgər həyatmı dəyişdirməyə tam hazır-sansa, onda hər cür fəsada hazır ol. Heç nə alınmasa, “ən azından bəxtimi sınadım” deyə bilmək üçün əsas suallara cavab ax-tar. Həyatda ən çox sevdiyin şey nədir? Bu işlərlə məşğul olmaq imkanın oldumu? Niyə onlardan istifadə etmirsən? İmkanların yol vermir, yoxsa stəkanı yarıyadək boş görürsən? Bankdan faizlə pul götürüb, şirniyyat evi açmaq, moda evində çalışmaq, heyvanlara qulluq ilə məşğul olmaq üçün xüsusi heç bir təhsilə yiyələnmək lazım deyil. Sadəcə, nədənsə başlamaq vacibdir. Özünə sual ver: hobbini sənətinə çevirsən, ondan yorulmazsan ki?

Beynindəki bir sualı belə cavabsız qoyma və irəliyə addımlamaq üçün cəsarətini topla. Nəzərə al ki, istənilən iş vaxt aparır, ona öyrəşmək və yüksəlmək üçün əziyyət çəkmək lazım olacaq. Ətrafındakılar da səni yora bilər. Amma hər zaman mübarizkar ruhlu olmaq lazımdır.

Dəyişiklik Lazımdır:

İşini sevmək, özünü sevmək deməkdir.

  • Doğru sənəti seçmək xəyalların gerçəkləşdirilməsi deməkdir. Amma unutma ki, tarixən çox uğurlu və məşhur insanlar belə, müəyyən yaşdan sonra sevdiyi işlə məşğul olmaq şansı qazanmışlar.
  • Yaşından və təcrübəndən asılı olmayaraq, dəyişikliklərdən heç vaxt qorxma.
  • “Hansı sənəti seçim?” yox, “Mən kiməm?” sualını ver. Ən vacib olan özünü tanımaqdır.
loading...
SHARE
Şərh yaz