Üzülmə qadın, üzülmə… Aynurə Həsənova
A.Fransın fikrinə görə kişini ən yaxşı tərbiyyə edən şəxs , məhz qadındır. Qadın kişinin qabırğasından yaradılıb firkrini əlində bayraq edən bəylər, sizləri bir qadın dünyaya gətirər, bir qadın böyüdər, tərbiyə verər, bir qadın sevər, bir qadın atar. Bir qadın sizi kişi edər. Bütün zaman formalarınız bir qadının əlində köhnələr əslində. Nə qəribədir, təbiət paradoksları çox sevir. Bir qadının içində isə bir kişi doğular, hər bir qadından bu dünyaya onlarla kişi gələr. Və bir gün qadının içində heç vaxt böyüməyən bir kişi səsi boğular. Kişilik bir tək şalvar geyinməklə deyil ki.
Ətəkləri cox uzun, rəngli don geyinən, yeridikcə yolların toz-torpağını təmizləyən o qədər kişiləşən qadın gördum ki….
İntihar edən qadın əlləri görmüsünüzmü? Mən görmüşəm,anamın əlləri. Daş kimi bərkdi. Bir tək əlləri kişi əllərinə oxşayırdı. Əllərini həmişə hamıdan gizlədərdi. Kişi əllərinə oxşar əlləri elə bil bütün kişilərə üsyan edirdi. Bütün vücudunda bir qadın məlahəti olsa da, kişiləşmiş əllərinə görə xəcalət çəkirdi. Zaman onu elə hey zülmət içində olan quyuya doğru aparırdı. Mənə elə gəlirdiki ki, hər gecə gəl deyə içindən 40-45 yaşlı kişi boylanardı. Həyatında böyük bir boşluq olmasını həmişə görürdüm, amma heç vaxt boynuna almırdı. Necə də dəhşətlidi bir qadının içində sədaqət duyğusuna yer olmayan eşqi yasaq, günah bilməsi. Tənha qadınlar, bütün axşamı içində olduğu, özü yaratdığı dünyasının pəncərəsindən küçəyə boylanar, sonra kişiləşmiş əlləri ilə gəlib yatağını səhmana salarlar. İlahi, insanların ruhu böyük bir təklikdə boğula bilərmiş. İnsanlar aclığdan yox sən demə təklikdən ölürlər..
Saçı Limon rəngli qadın, gözləri tavana dikilib durmuşdu. Gözlərinin dərinliyində nə isə çəkingən, ehtiyatlı bir ifadə varıydı. Gözünün ağına bir kədər, bir yorğunluq hopmuşdu. Hər gecə bir kişi qulağına pıçıldayardı: “Qadın, illər boyu mən axı sənə dərt vermişəm” deyərdi. Axşam tamam sona yetdi və o bomboş otağa gecə çökdü. Qadın boş yastığı qucaqladı, yata bilmirdi. Elə bil, bu qaranlıq otağın boşluğunda bir kişi yataqda vurnuxaraq, yastığı döyəcləyirdi. Kimsəsiz yatağı qaranlıq içində səssiz-səmirsiz ağarırdı. Onun həyəcanla qucaqladığı yastıq cəngəllikdə ağacın gövdəsi kimi sərt idi. Çarpayısının yaylarının səsi sükut dolu otaqda piano çalırdı. Elə bil, bir kişi kobud bir hiddətlə o çarpayı yaylarını cırıldadırdı. O, bilirdi ki, divarları görünməyən bu otaqda tək qalmaq onun üçün məşəqqətdir. O, bilirdi ki, bu bomboş zülmətdə deyiləcək heç bir söz tənhalığı bu otaqdan qova bilməz və o bilirdi ki, bu qaranlıq evin sonsuz boşluğundan təkbaşına qopub ayrıla bilməyəcək. Sükut içində, kimsəsiz yataqdan lal və soyuq meh əsirdi. Qadının saçları limon rəngində idi və bu saçlarla donunun matəmi arasında qəribə bir zidiyyət var idi. Limon rəngli saçları ilə bütün ahəngləri pozurdu. Görkəmi daha da kədərli görünürdü, çünki başının ətrafını qapqara qatı kölgələr bürümüşdü. Mən görünməz divarların zülmətinə baxdıqca onun limon rəngli gur saçlarının kədəri gizlətmək istəyini görürdüm. O tənhalığı limon rəngli saçlarıyla gizlətmək istəyirdi, amma hər dəfə kişiləşmiş əllərindən çox utanırdı.
Qadın seviləmədikcə, həyat zülmət olar! Qarşlıqsız buraxılınca üsyanlar başlayar. Səssiz və dərindir qadın üsyanları. Tərk edib getmədən onu anlayan birisinin olmasını istər. Qırmadan, əzmədən… Və beləliklə qadın içində olduğu, özü yaratdığı dünyanı özü şəkilləndirməyə başlayar. Bütün olanları qarşısındakına buraxıb, qaçmaq qadına aid deyil. Bəlkə də buna görə ən çox özünü günahlandırır, günahları hər zaman özündə axtarır. Bilərək və istəyərək…..
Qapını çırpmaz, aynaları vurmaz, heç bir şeyi qırmaz. Bağırmaz, qışqırmaz, əşyaları alova atmaz. Kişilərin çox səsli qışqırıqlarının yanında qadının üsyanları çox səssiz görünür bəzən.
İçində dünyanın ən böyük problemlərini, yanğısını, boşluqların sıxlığını daşıyan bu qadın, çölündə dünyanın həyat mənbəyi, yanan sevgi işığı olduğunu, sıxlıqların boşluq olmadığını deyərək əslində hamını aldadırdı. Evində isə kişiləşmiş əllərini isidən yandırıcı və aldadıcı səssizlik əslində qulaqlarını batırmışdı.
Üzülmə qadın, üzülmə.
Bütün bu acılarının əvəzində Nəsiminin dərisi soyulub… Babək satılıb… Mikayıl Müşfiq güllələnib… Cek London xəyanətlə üzləşib…
Qadın xəyanəti ilə…
Janna Darkı yandırıblar….
Üzülmə qadın, üzülmə…
Müəllif: Aynurə Həsənova…

















